ei

YEDDİ OĞUL İSTƏYİRƏM

Vuruşlarda keçdi cavan ömrü – günü,
Əzəl gündən yurda eşqi, haqqı, yönü –
Millətinin bağrıyanıq dərdlərini,
Haray çəkib bitdə-bitdə ötdü oğul.

Bir kor zülmət bürüsə də dörd bir yanı,
Bəbəyində işıqlanar sübhün danı.
Bir məsləkə qurban deyib şirin canı,
Bircə yolla addım-addım getdi oğul.

Nadanların əvəzinə ar etməyə,
Gen dünyanı yaltaqlara dar etməyə,
Millətini yaşatmağa, var etməyə
Yeddi oğul istəyirəm, yeddi oğul.

***

Yazın oğlan çağıdır,
Burda çiçəklər açır.
Könül açırmı orda?!
…Açırsa kimə açır?

Burda sizə can deyən,
Dost – tanış, qohum – qardaş.
Sizdən qaçırmı orda?!
…Qaçırsa hara qaçır?

Bu günəşli, xoş gündə,
Kameranın o köhnə,
Qara hisli lampası
İşıq saçırmı orda?!
…Saçırsa, niyə saçır?

***

Nə oyunlar açdılar,
Başına bu Vətənin.
Yüz il qabaqkı xalqdı,
Durub, dayanıb həmin.

Yenə həmin oğullar,
Əzab çəkirlər yenə.
Nə yatanlar oyandı,
Oyaqlar qalxmadı, nə…

Burda həyat məhbəsdi,
Orda məhbəs həyatı.
Kimlərin əlindədi,
Kimin müqəddəratı.

Nə millətdə insaf var,
Nə başçıda mürüvət.
İmansızlar əlində
İnildəyir məmləkət.

Hələ harasıdı bu?
Hara üz tutub zaman?
…Könlümə nələr düşdü,
Yenə darıxdım yaman.

***

Qanınızla sulanan,
Bağrına od qalanan,
Əllərdə yağmalanan
Torpağınızdır sizin.

Kimdi canından qorxan,
Bəxti başına qaxan.
Enməməkçün o qalxan
Bayrağınızdır sizin.

Bu millətə vurulmaq,
Əzabına qovrulmaq,
Yolunda şəhid olmaq,
Öz haqqınızdır sizin.

***

Hökm taxtın əlindədir,
Yazı baxtın əlindədir.
Hər şey vaxtın əlindədir,
Dövran ötüşər, inşallah.

Dara düşüb mərdlərimiz,
Başdadı namərdlərimiz.
Yara – yara dərdlərimiz
Bir gün bitişər, inşallah.

Qəsdə durdu soyunuza,
Zülm düşdü payınıza.
Ürək yaxan hayınıza,
Vətən yetişər, inşallah.

Müəllif: Ehtiram İlham

      

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru