SONA-AMALLL

YAZDAN BİLƏRƏM

Dərdimi anlayıb, qəmim bölənim,
Məni sevdiyini sözdən bilərəm.
İçində ağlayıb, üzdən gülənim,
Qəlbindən keçəni gözdən bilərəm.

Zülmətdən silkinib, nura bələnim,
Kədərdən arınıb, qəmdən ələnim,
Ay mənim ömrümə payız gələnim,
Dərdini-sərini üzdən bilərəm.

Könlümün sultanı, qəlbimin təni,
İnsaf et, özündən gün tutma məni,
Sənli günlərimin gülü, gülşəni,
Sən keçən çəməndən, düzdən bilərəm.

Qayıt gəl ömrümə, kədəri atım,
Xumar baxışının sehrinə batım,
Şamları yandırım, od-ocaq çatım,
Külün nə çəkdiyin közdən bilərəm.

Ruhunla dərdləşib, gülüb ağlaram,
Mehrindən ruhlanıb, coşub çağlaram,
Amalam, şeirdən çələng bağlaram,
Ömrümün hər anın yazdan bilərəm.

22. 01. 2020.

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Müəllif: Sona Amal

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru