Şahmar_Əkbərzadə

DƏRDİŞ!

(Nəriman Həsənzadəyə)

Sən demə sevgimmiş qatı düşmənim,
Öz sevgim özümə kəsildi qənim.
Hissim oyun açdı başıma mənim,
Ağlım da bir ağıl olmadı, dərdiş!

Çox gödək elədi dilimi eşqim,
Özgəyı qoxlatdı gülümü eşqim,
Sovurdu göylərə külümü eşqim,
Göylərdən səs-səda gəlmədi, dərdiş!

Şirin dilimizdən asdılar bizi,
Halal sevgimizlə kəsdilər bizi,
Qoydu yaman günə Əslilər bizi,
Kərəmlər bu dərdi bilmədi, dərdiş!

Məhəbbət umurduq namusu kəmdən,
Ağılsız eşqimiz kül oldu qəmdən,
Yapışdı sazımız “Yanıq Kərəmdən”
“Koroğlu cəngisi” çalmadı, dərdiş!

Qayıtmaz dünənlər ha titrə, ha əs,
Uçan elə uçdu geriyə dönməz.
Gözümün yağını yedirtdiyim kəs
Gözümün yaşını silmədi, dərdiş!

Heç oldu, puç oldu bildiklərimiz,
Dinmədi dininə gəldiklərimiz,
Min dəfə üzünə güldüklərimiz,
Bir yol üzümüzə gülmədi, dərdiş!

Şahmaram, dərdimi vətənə verdim,
Sirrimi hər yoldan ötənə verdim,
Qəlbimi çatana, yetənə verdim,
Sevgimdən özümə qalmadı dərdiş!
1992

Müəllif:Şahmar Əkbərzadə

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru