Ədalər Bədirxanlı

“Azad olmaq üçün göy üzünü almağa gərək yoxdur.

Ruhunuzu satmayın yetər.” Nelson Rolihlahla Mandela

 

                 “Ən mükəmməl əsəri
Zaman özü yazacaq”.
                    Ədalət Bədirxanlı

 

AZADLIĞA

GEDƏN

YOL

(poema)

 

Proloq

Mən bir yol axtarıram –

Azadlığa gedən yol!

Bu yol haqqın yoludur; –

Ya öl, ya da azad ol!

Mən bu yolla gedirəm,

Haray çəkib deyirəm:

-Dünyada insanlara

Azadlıq istəyirəm!

Aləmdə cəmiyyətə,

Hər yerdə həqiqətə,

Cahanda hürriyyətə

Azadlıq istəyirəm!

Bəşəri düşünürəm,

Dünyaya səslənirəm,

Bir vətəndaş olaraq

Danışmaq istəyirəm:

 

-Azadlıq istəyirəm!

 Azadlıq istəyirəm!..

 

 

 

 

 

I hissə

AZADLIQ HARAYI

 

İlk dünyaya gələndə

Azadlıq istəmişəm.

Ağlayıb səslənəndə

Anamı istəmişəm.

Uşaqlıq həyatımı

Uşaqlarla oynamaq,

Doğru nədir anlamaq,

Öyrənmək istəmişəm.

Orta məktəbə getmək,

Yaxşı tərbiyə görmək,

Şagird kimi sevilmək,

Seçilmək istəmişəm.

Tam bilik mənimsəmək,

Ali məktəbə girmək,

Gənc tələbə adını

Qazanmaq istəmişəm.

Günü-gündən isməti,

Ləyaqəti, hörməti,

Dostluqda sədaqəti,

Yaşatmaq istəmişəm.

Anladıqca həyatı,

Alanda təyinatı,

Öz peşəmdə işləmək,

Çalışmaq istəmişəm.

 

 

 

 

 

 

 

 

Görəndə haqsızlığı,

Bütöv narazılığı,

Hər an qohumbazlığı

Pisləmək istəmişəm.

***

Bir sözlə, istəyimin

Saf niyyət olub dadı.

Sözdə, əməldə azad

Olsun insan övladı.

Hər bir doğulan insan

Azad yaşamalıdır!

Bu onun Allah verən

Toxunulmaz haqqıdır!

***

Min ildir ki, dünyaya

Nizamini bəxş edən,

Mütəfəkkir yurdunun

Torpağıdır bu Vətən.

***

Böyüdükcə anladım,

Gördüm ki, həqiqətən

Əsarət altındadır,

Müstəmləkədir Vətən.

Ədalət carçısının

Öyrəndim yollarını.

Məlum oldu, kəsiblər

Zəncirli qollarını.

***

 

 

 

 

 

 

Demokratik bilgiyə

Haqqı olan dövlətin,

Tapdalayıb əzərək

Qul ediblər millətin.

***

Niyə haqqı pozulmur

Ən balaca yarpağın?

Payı olan hər zaman

Təbiətin, torpağın?

İnan, haqqı qorunur

Ən balaca yarpağın.

Çünki qanunları var

Qadir Ana torpağın.

***

Uzun zamandı susur

Azərbaycan milləti.

Hər nəyi var talanır,

Tam sorulur sərvəti.

Dünya xəritəsini

Zalımlar bölən zaman

Tək olub ümid yeri

Bircə Allaha güman.

Cahanda qalsın deyə

Neçə canlı can verib.

Torpaqları düşmənə

Sıxıblar ki, pay verib.

 

 

 

 

 

 

 

 

Bu dövlətin bəxtinə

Qara yaxanlar olub,

Azad olmaq cəhdinə

Quyu qazanlar olub.

Sözdə hamı tərəfdar,

Çuval dolu yalanlar.

Olanlar da tamahkar,

Belə olub qaydalar.

Nə yaxşı ki, bu qədər

Yenə torpaq qalıbdı.

Gəlin yaxşı düşünək!

Sərvət hara axıbdı?

Kim ki, qırdı milləti

Onlar çaldı dövləti?..

Sonra da “arı” kimi,

Somurdular sərvəti.

***

Dolaşdıqca dünyanı,

Dərk etdikcə cahanı

Gördüm zəmi biçilmir

Yetişmirsə zamanı.

***

Bizləri yetişdirən

Var ortaq bir anamız.

Bu torpaq- Ana Vətən!

Bəs övladlıq haqqımız?!

***

 

 

 

 

 

 

 

Xalq seçki istəyirsə,

Səs verməyə gedirsə,

Nəticə dəyişirsə,

Hanı azadlığımız?!

***

Mən belə düşünürəm:

-Xalqıma səslənirəm,

Hay qoparıb deyirəm:

-Azadlıq istəyirəm!

***

Yer üstdə millətimiz,

Yer altda sərvətimiz;

Doqquz iqlim qurşağı,

Cənnətdir Vətənimiz!

 

          II hissə

  ANA FƏRYADI

 

Külək əsirdi bərkdən,

Ağaclarda sırsıra…

Az qalırdı bu çovğun

Daşları da dondura.

Qışın belə çağında

Odsuz-ocaqsız evdə

Yaşayırdı bir qadın

Ərinin həsrətində.

Ərindən ayrılandan

O, hərdən ağlayırdı.

Cavan ikən ayrılıq

Onu əldən salırdı.

 

 

 

 

 

Hər şəkilə baxanda

Qəlbinə nur axardı.

Həsrət onu yaxanda

Körpəsinə baxardı.

***

Beşikdəki bu körpə

Ağlayırdı dünəndən.

Yazıq ana nə bilsin,

O, xəstədir ürəkdən.

Birdən uşaq başladı

Yenə də ağlamağa.

Ana özün çatdırdı

Ona layla çalmağa.

O, tez qoydu əlini

Körpəsinin alnına.

Arından ağlamadı

Uşağın bu halına.

Tez-tələsik körpəni

Şəlləyib kürəyinə,

İstəyirdi tez çatsın

Həkimin köməyinə.

Ana evdən çıxanda

Onu fikir basmışdı…

Körpə sağalmağına

Ümidi qalmamışdı.

***

 

 

 

 

 

 

 

 

Geniş addımlarla o

Hey irəli gedirdi;

Hərdən özü-özünə

Belə də söyləyirdi:

“Ay başı daşlı ana,

Axı, niyə ölmürsən,

Bu nə bəladır ki sən,

Belə dərdlər çəkirsən!?”

Təzə yağan quşbaşı

Düşürdü əllərinə.

Qar dolurdu ananın

Yaş axan gözlərinə.

Hərdən o dayanaraq,

Körpəsinə baxırdı.

Gözü sızqa bulaqtək

Damla-damla axırdı.

Yol qarlı olduğundan

O, çətinlik çəkirdi.

Hərdən düşür çökəyə,

Ayağı büdrəyirdi.

Tənhalığın qəhrindən

Onun üzündə qarı

Əridir gözlərindən

Süzülən damcıları.

***

 

 

 

 

 

 

 

 

 

Ana yaxınlaşırdı

Həkim yaşayan kəndə.

Taqəti qalmamışdı

Artıq biləklərində.

Özündən ixtiyarsız

Birdən ana sürüşdü.

Belindəki körpəsi

Sürüşüb yerə düşdü.

Sanki ildırım vurdu

Yazıq ananı, birdən

“Oğul” deyib sıçradı,

Onu götürdü yerdən.

Ağlamaqdan uşağın

Kəsilmişdi həniri.

Əsirdi dodaqları

Tam qaçırdı siniri.

Tez çatdırdı körpəni

Həkimin otağına.

Bu kəlmələri dedi,

O, udquna-udquna:

-Həkim, qurbanın olum!

Balam ağır xəstədir.

Nə incidir bilmirəm

Amma deyən, ürəkdir.

 

 

 

 

 

 

 

 

 

 

Amalına qurbanam,

Əməlin xoş əməldir.

İmkansız bir anayam,

Ana nə etməlidir?!

***

Təzəcə həyat qurdum,

Bəxtim də gətirmədi.

Yenicə ana oldum,

Bir kimsə sevinmədi.

Soldu gülüm-çiçəyim,

Tufan oldu, neyləyim?

Viran qoydu hər yanı,

Dərdi kimə söyləyim?

Bu dünyanın açarı

Bilmirəm ki, kimdədir?

Ya işıq, ya qaranlıq,

Gözlərim də qəmdədir.

Mən əsgər yola saldım,

Düşdü özgə oduna.

Soruşmaq istəyirəm,

Getdi kimin badına?!

Kim göndərdi ərimi

Xarici ölkələrə?

Əlinə silah verib,

Saldı onu çöllərə?

 

 

 

 

 

 

 

 

 

Apardılar cəbhəyə,

Əfqanlara köməyə.

Mən xəcalət çəkirəm

Bu sözləri deməyə.

Deyin, qara siyasət

Lazımdırmı bizlərə?!

Nə qədər fəryad olar,

Qan sızılır gözlərə?!

Bir ildir gözləyirəm,

Bircə kağız da gəlmir.

Bəlkə, ağır xəstədir,

Xəbər vermək istəmir?

Yanından gələn də yox,

Bircə sorum halını!

Ya ölüdür, ya sağdır,

Kaş biləm əhvalını!

İnanmıram mən belə

Yalançı siyasətə!

And olsun qəlbimdəki

Alovlu məhəbbətə!

***

Qanunlar imzalanmış,

Kimlər üçün, bilmirəm?!

Haqq, ədalət hardadır,

Dərdə dözə bilmirəm!

 

 

 

 

 

 

 

 

 

Allah dərdi verməyir

Zülm eyləyən tülküyə.

Çünki onun övladı

Getmir uzaq ölkəyə.

Dilim-ağzım qurusun,

Yox-yox, Allah, amandır!

Asi düşə bilmərəm,

Dediklərim yalandır!..

***

Əsgərliyə gedəndə

Ana baxdı doyunca,

Xeyir-dua verərək

Su da atdı dalınca.

Dedi: “Oğul, yaxşı yol,

Allahın amanında.

Bizdən nigaran olma,

Olmasaq da yanında.”

Ana əl qaldıraraq,

Üz çevirdi Qibləyə.

Dedi: “Allah, sən özün

Su çilə bu diləyə!

Ürəyimə damıb ki,

Oğlum qayıtmayacaq.

Öz arzum, öz diləyim

Ürəyimdə qalacaq.

***

 

 

 

 

 

 

 

 

Mən anayam, analar

Mən görəni görməsin!

Allah belə dərdləri

Düşmənə də verməsin!

***

Nə əzabla oğlunu

Böyütmüşdü bilirsiz?

Hamı ona deyirdi:

-Bəhrəsini görəsiz!

Xülasə, bir mən qaldım,

Bir də yazıq qaynanam.

Hərdən elə sanırdım

Elə o imiş anam.

***

Xəstələnib yatırdı

Oğlunun otağında.

Şəklin asdırdı mənə

Gözünün qabağında.

Hər gün öpüb şəkildən

Təsəlli axtarırdı.

Gecələri gəzişir,

Çoxdandı yatmayırdı.

Oğul əsgər gedəndən

Ana düşdü zülmətə.

Dözməyib ayrılığa,

Axır getdi rəhmətə.

***

 

 

 

 

 

 

 

Yazıq ana-qaynanam

Nəvəsini görmədi.

Fələk insafsız oldu,

Bir ay möhlət vermədi.

Bir simsarım qalmamış

Bu uşaqdan savayı.

Bu da hədər gedərsə,

Zəhmət olar havayı.

Bir övladdır tək payım,

Bir də Vətən-torpağım!

Yanan atəşdir canım,

Mən necə danışmayım?

***

Müxalifəm dünyada

Silahların səsinə!

Sığınmaq istəmirəm 

Kiminsə kölgəsinə!

Həkim, bağışla məni,

Tamam alovlanmışam!

Bir anatək indi mən

Sizi də çaşdırmışam!..

***

Hər zaman bu atəşi

İsti günəş sanmışam!

Hamıya bu günəşdən

Bir pay arzulamışam!..

 

 

 

 

 

 

 

           lll hissə

AZADLIĞIN CARÇISI

 

Mən dərdimi danışdım,

Hay salın, ay həkimlər!

Əl-ayağı şikəstlər

Əsgərə getməsinlər!

Mən dərdimi danışdım,

Qardaşlar, ay bacılar!

Təbiət zəhərlənir,

İnsanlardır günahkar!

Mən dərdimi danışdım,

Söyləyin, ey insanlar,

Azadlığı beşikdə

Nəyə görə boğurlar?!

Mən dərdimi danışdım,

Eşitsin bəşəriyyət:

Əldən gedir ədalət,

Hanı hüquqi dövlət?!

Mən dərdimi danışdım,

Ayağa qalx, ey millət!

Artıq qeyrət vaxtıdır,

Haqq işidir hürriyyət!

Mənim bu harayımı

Eşitsin bütün hamı!

Müstəmləkə qalaqmı,

Yoxsa, azad olaqmı?!

***

 

 

 

 

 

 

 

İndi Məhəmməd Əmin

Rəsulzadə kimilər

Lazımdır ki, bu xalqın

Haqqın tələb edələr…

***

Qarışıq bir zamanda

Yeni dövlət qurdular.

İki il ötüşməmiş,

Tərki-Vətən oldular.

İşğal olan dövlətin

Millətini bir daha

Zamana bağışlayıb

Tapşırdılar Allaha.

Qırmadan ümidlərin:

“Gün gələcək”-dedilər:

“Saxlayın bu bayrağı!”

Xalqa təhvil verdilər.

Çox götür-qoy etdilər,

Bəlli yolu seçdilər.

Səfər vaxtı millətə

Yön çevirib dedilər:

İnanın ki, bu bayraq

Öz yerinə qalxacaq.

Parlament binasına

Əbədi sancılacaq!

 

 

 

 

 

 

 

 

 

Üçrəngli bayrağımız

Yenə dalğalanacaq!

Yenə bayraq bu xalqın

Başı üstə qalxacaq!”

***

Sözlərini deyənlər

Vətəni tərk etdilər.

Canlarını götürüb

Son ümidlə getdilər.

Nə qədər ziyalımız

Üzüldü birdən-birə,

Neçə canlar sıxıldı,

Göndərildi Sibirə.

Hüseyin Cavid kimi

“İblis”i anladanlar

Sizcə “vətən xaini”

Necə düşmən sayılar?

***

Mən dərdimi danışdım,

Razıyam söyün məni.

Ancaq yox olsun gərək

Cəmiyyətin düşməni!..

***

Danışdıqca ananın

Səsi göyə yüksəldi.

Bu ah-aman içində

Fəryadı dilə gəldi.

 

 

 

 

 

 

Xəyal köhlən at kimi

Çapdı onun könlünü.

Bircə an itirmədi

Həkim heç də özünü.

Çəkib xəyallarının
Üzərinə tam qara.
Eylədi ana üçün
Övladına bir çara.

İlk köməklik eylədi,

Vəziyyəti düzəldi.

Hərarət düşən kimi

Uşaq özünə gəldi.

***

Artıq ötmüşdü illər,

Neçə aylar, fəsillər…

Ananın də içində

Yaşayırdı o günlər…

 

lV hissə

PARÇALANMIŞ

       VƏTƏN

 

Mən olanı danışdım,

Dinləyin, ey qardaşlar!

Birlikdədir gücümüz,

Birləşin, ey soydaşlar!

Xalqa layiq oğullar,

Bizdə çox ziyalı var!

Seçin xalqın içindən

Həqiqi deputatlar.

 

 

 

 

 

Haray salsın hər yana,

Azəri türk xalqı var!

Azərbaycan adında

Suveren dövlət də var!

Çağırıram mən sizi,

And verirəm, birləşin!

Dədə Qorqud naminə,

Yüz-yüz olun, minləşin!

El dərdindən danışın,

Dil dərdindən danışın!

Məftilləri sındırın,

Qardaşlara qarışın!

Haray çəkin hər yana,

Bütün Azərbaycana!

Xalqın azadlıq səsi

Yayılsın asimana!

Bakı, Təbriz, Ərdəbil

Hava yolu açılsın!

Xan Arazın üstündən

Min bir körpü salınsın!

Bu meydan indi dolub,

Hamı yenə mehriban,

Həmişə Təbriz olub

Azadlığa can atan!

***

 

 

 

 

 

 

 

 

 

Beş əsr bundan qabaq

Şahdan bizə bu torpaq,

Bir də ana dilimiz

Qalır, miras olaraq!

O zaman sərhədlərı

Bəyan idi cahana.

İsmayıl da Şah idi

Bütöv Azərbaycana!

Haradan başlayırdı,

Harada qurtarıırdı,

Azərbaycan xalqını

Hamı da tanıyırdı!

Başı bəlalar çəkib

Bu müqəddəs torpağın.

Yağılar silkələyib

Tökdü bütün yarpağın.

Ruslar şimal tərəfdən

Qol-budağın qırdılar.

Farslar cənub tərəfdən

Ley kimi şığıdılar.

Sinəmizə çökdülər,

Şərik kimi böldülər.

“Gülüstanda sazişi

Qanla möhürlədilər!

***

 

 

 

 

 

 

 

 

Bunlar az imiş kimi

Qane olmadı düşmən.

On beş il keçmədi ki,

Yenə bölündü Vətən!..

Yeni hücum, gedişlər,

Təzədən yeni şərtlər,

Yenidən Araz çayın

Qanlı sərhəd seçdilər.

“Türkmənçay”da sazişi

Yenidən bağladılar.

Təslimçilik aktına

Maddələr artırdılar.

Hətta İvan Paskeviç

Qorxudaraq farsları

Söz sahibi oldular

Rusun generalları.

Dedilər ki, öyünün!

Araz sayın aranı,

Şərtimizlə söyünün,

Qaşımayın yaranı!

Əgər razı olmasaz,

Tərk etmərik buranı.

Beş gün də bəsimizdir,

Tutacağıq Tehranı.

***

 

 

 

 

 

 

 

 

 

 

Beləcə imzalandı

Sülh” adlı müqavilə.

Heç bir fərqi olmadı

Təslimçi bir Akt ilə.

Türkmənçayda sazişi

Yenidən bağladılar.

Təslimçilik aktına

Maddələr artırdılar.

***

Bir kağızla aldılar

Bu millətin canını.

Araza axıtdılar

Azərbaycan qanını!

İki yüz il ötüşüb

İndi həmin o gündən.

Ünvan həsrətə dönüb:

Bir millət, iki Vətən!

Başqadır indi dövran,

Qorxur çoxu qınaqdan.

Bəlkə, kömək eylədi

Bizə Ulu Yaradan?..

Avropada ölkələr

Bir araya gəldilər.

Varşavada bağlanan

Sazişə son verdilər.

 

 

 

 

 

 

 

 

 

Tam ayılıb millətlər,

Dəyişib düşüncələr.

Sərhədləri sökərək

Almanlar birləşdilər.

Siz də qalxın ayağa,

Vətəni qorumağa!

Ya qırılaq, ya da ki,

Sahib çıxaq torpağa!

Bu torpaq babalardan

Bizə qalan mirasdır!

Qorunub yağılardan,

Parçalanıb qalandır!

***

İttifaq parçalanır,

Zaman o zaman deyil!

Qılınc həmin qılıncdır,

Bilək o bilək deyil!

Bu son sözlər özü də,

Xətainin sözüdür!

Qılınc kimi sözü də

Döyüş üçün süngüdür!

Bu torpağın altı da,

Üstü də faydalıdır!

Bu, indiki məqamda

Qələbə olmalıdır!

 

 

 

 

 

 

 

 

 

Zaman bizi sınayır,

İndi qeyrət vaxtıdır!

Zəfər uzaqda deyil,

Bizə çox yaxındadır.

Rəbbim özü veribdir

Hər nə desək bizlərə.

Sahib çıxmaq gərəkdir

Bu gözəl nemətlərə!

Baxın, görün, yanacaq

Bütün Yer kürəsində

Möcüzələr yaradır

Səhralar sinəsində!

O susuz səhralarda

Ərəb əmirlikləri

Təkcə neftin gücünə

Yaratdılar nələri?!

***

Bağışlayarmı bizi,

Üz tuturam sizlərə,

Nəsə qoyub getməsək,

Gələcək nəsillərə?!

***

Xalqa tarix gərəkdir,

Öz xalqının tarixi!

Xalqa yazan gərəkdir,

Yazılmamış tarixi!

 

 

 

 

 

 

 

 

İlk əlifba dəyişdi,

Millətimiz kor oldu.

Son əlifba dəyişdi,

Tariximiz yox oldu.

Ancaq yenə qalırdı

Qobustanda qayalar.

Düşmənin gücü çatsa,

Onu aparardılar.

***

Bəsdir daha, yetmiş il

Əl çalırıq kimlərə?!

Xalqa rəhbər sayılan

Baş kəsən katiblərə!

***

Zəbt edildi, ayılın,

“Xarı bülbül” oylağı!

Azad edilsin gərək

Qarabağın torpağı!

***

Borçalını bir zaman

Aldılar əlimizdən.

Neçə illər keçibdi

Yanırıq içimizdən.

Azərbaycan xalqını

Sonra elə sıxdılar-

Dəmirqapı Dərbəndi

Əlimizdən aldılar.

 

 

 

 

 

 

 

Davam edir kin yenə,

Qərib Səsdi simsarı.

Əsir düşüb düşmənə

Dədə Qorqud məzarı.

***

“Qara gölü satdılar

Saxta qızıl pullara.

Canavara döndülər,

Cumdular insanlara.

Zəngəzurdan bir əsər,

Bir əlamət qalmadı!

Çox torpaqlar satıldı,

Heç kim yada salmadı!

Göyçə kimi mahaldan,

Doğulduğu torpaqdan

Qovdular insanları,

Bütün müsəlmanları!

Tülkü kimi hiyləgər,

Ağlayan ermənilər,

Parisdə görüşdülər,

Sonra da birləşdilər.

Mişa, şahnazarovlar,

Erməni balayanlar

Bir yerə yığışdılar,

Saziş də bağladılar.

 

 

 

 

 

 

 

 

 

Bir yalançı qondarma

Komitə yaratdılar.

Zindanda bir daşnağa

Mandat da uzatdılar!

Haray-həşir saldılar,

Terrora başladılar.

Topxanadan başlayıb,

Hər yeri dağıtdılar!

***

“Qarabağ” üzük qaşı-

Partladıldı hər daşı!

Bizim Ali Sovet də

Qoydu ora “külbaş”ı!

Hərbiləşdi vəziyyət,

Təhqir olundu millət!

Bir soruşan olmadı

Kim törətdi cinayət?!

Qovuldu neçə yüz min

İnsan öz torpağından!

Düşmən bayram eylədi

Qəhrəmanlıq adından!

***

Muzeylər dağıdıldı,

Məktəblər yandırıldı.

Məscidlər, abidələr

Görün kimlərə qaldı!

***

 

 

 

 

 

 

 

Bu gün, ya da sabahdan

Zaman sözün deyəcək!

Rusun ordusu burdan

Birdəfəlik gedəcək!

Bir daha belə fürsət

Çox çətin yetişəcək!

İndiki an hərəkət

Bizə çox şey verəcək!

Almaq olar tankları,

Hətta generalları.

Onların da içində

Az deyil tamahkarı!

Bir balaca “hörmət”ə

İçir, düşür “cənnətə”!..

Satırlar silahları

Ən aşağı qiymətə.

İndi özünüz deyin,

Sizə nə deməliyəm?

Ərənlərim sizsiniz,

Yenə də söyləyirəm:

Daşı-daşın üstünə,

Necə qoya bilərəm?!

Zəhmətimin bəhrəsi

Əgər mənə çatmasa?

 

 

 

 

 

 

 

 

 

 

Öz Ana torpağımda

Necə yata bilərəm

Bircə tikə torpağa

İxtiyarım çatmasa?!

Xəstələr çarpayıda

Necə sağala bilər?!

Tankların tırıltısı

Küçələrdə susmasa!

Üçrəngli bayrağımı

Necə tuta bilərəm?!

Mənim öz ana dilim

Milli dilim olmasa?!

***

Onsuz da, az qalıbdı

Vaxtına İttifaqın!

Bu rejim getməlidir,

Arzusudur xalqların!

Bu kommunist rejimi

Özünü doğrultmadı!

Xalqların hüquqların

Bərabər paylamadı!

Bu kabus yetmiş ildir

Ayaqdadır, fırlanır!

İndi sonu yetişib,

Başı qalmaqaldadır!

 

 

 

 

 

 

 

 

 

İnşallah, dağılacaq

Sovetlər İttifaqı!

Ölkələr ayrılacaq,

Yenidən qurulacaq!

Bilin, asan olmayan

Bir çətin məsələ var:

-Ayılar qan tökəcək,

Bilin, hazırlaşırlar!         

***

Çox çətindir, çox da dar,

Bir nicat yolumuz var.

Birgə götür-qoy edin,

Özünüz verin qərar.

Siyasi qiymət verin,

Xalqa atılan daşa

Xalq özü qərar versin

Bu gedişə birbaşa.

Xalqa atılan bu daş

Qarabağın daşıdır.

Daşı ruslar atırlar,

Xaçpərəst savaşıdır.

Bəlkə də əksinədir,

Siyasi məsələdir?

Erməninin adı var,

Ruslar bu niyyətdədir?”

***

 

 

 

 

 

 

 

 

 

Azadlığı yol seçən

Adi zavod fəhləsi

İstəmir olsun daha

Müstəmləkə köləsi.

Bəli, Nemət Pənahlı

Görk edərək xalqına

Dar ağacı kəndirin

Özü saldı boynuna.

Bu millətə üz tutub,

Zamanıdır, qalx dedi-

Fikrini anladaraq,

Xalqa belə sölədi:

“Həlqəvari bu kəndir

Cavabdır qul oynuna.

Artıq bu kəndir keçib

Diktatorun boynuna”.

O, hamını səslədi,

Azad söz məkanına.

Adın dəyişdirdyi

Azadlıq meydanına.

***

Millət sözünü deyir,

Səs yayılır hər yana.

Tətillər davam edir,

Hamı axır meydana.

 

 

 

 

 

 

 

 

 

Azadlıq meydanına

Toplaşan insanların

Qəribədir çoxuna

Fikri danışanların.

***

Bu möhtəşəm izdiham

Bir xalq hərəkatıdır!

Xalqın hakimiyyətə

Son nifrət məqamıdır!

İnsan axır meydana,

Hər dəqiqə çoxalır.

Təşkilati baxımdan

Komitə geri qalır.

***

Müstəqillik eşqini

Ürəyində daşıyan

Milləti meydanlara,

Özü səslədi zaman.

Xudu Bəy arzusunu

Ötürsə də gənclərə,

Müstəqillik aktına

Yetişmədi son kərə.

Təəssüf ki, bu günü,

Görə bilmədi Xudu!..

İnsanlarla silahlar

Yenə üz-üzə durdu.

 

 

 

 

 

 

 

 

Ziya Bunyadovçular,

Bütün müsavatçılar,

Sağçılar və solçular,

Hətta sadə xalqçılar .

Güc alaraq millətdən

Bir araya gəldilər.

Haqq yolunu seçdilər:

“Azad olaq!” dedilər.

Dünyaya bəyan edib

Öz müstəqil dövlətin,

Qarşısını aldılar

Axıb gedən sərvətin.

Zaman çəkdi sınağa

Gecə-gündüz milləti.

Nəhayət ki, qan ilə

Yudular məşəqqəti.

***

Əsgər silah əlində,

Hər nəyi var belində.

Xalqa meydan oxuyur,

Meydan özü nə gündə?

Hər tərəfdən meydanı

Diqqətdə saxlayırlar.

Hər bir gələn insanı

Yerində yoxlayırlar.

 

 

 

 

 

 

 

 

 

Yaranmış vəziyyəti

Düşmən hər an izləyir.

Görəsən, bu milləti

Daha nələr gözləyir?

Hər gələn sözün deyir,

Kömək etmək istəyir.

Necə dövlət qurmalı?

-Hərə bir söz söyləyir.

Bu meydanda adı çox

Hallanan oğulların ,

Zəhməti çox, sözü çox

Bayraq qaldıranların.

***

Hamı üçün əzizdir,

Vicdanı da təmizdir.

Özü BAB-ın rəhbəri,

Milli liderimizdir!

Əbülfəz Elçibəyin

Üzü xalqın üzüdür.

Arzusu saf diləyin,

Azadlığın özüdür!

Özü ucadan baxan

Azadlığın rəmzidir.

Harayıyla lal axan

Sel-insan dənizidir.

 

 

 

 

 

 

 

 

 

Araz kimi dərdi var

Açılmayan səhərin:

-Gözləri yolda qalıb

Təbriz kimi şəhərin.

Millət dilin unudur,

Körpələrin dilində

Analar borclu qalır

Şəhriyarın önündə.

Elçibəyin sözüdür

Xalqa əsl ruh verən.

Bilin, onun gözüdür

Azadlığı düz görən.

Saf su kimi saflığı,

Bir ümmandır varlığı.

Onun can istəyidir

Bu xalqın Azadlığı!

***

Xəlilin şeirləri-

Tək”Otuz yeddi“ləri

Bir şüara dönübdür:

Silahlan” dedikləri.

***

İttifaqdan ayrılmaq,

Dövlət qurub tanıtmaq,

Deyirəm, hamı bilsin,

Sizə asan gəlməsin.

 

 

 

 

 

 

 

 

Azadlıq savaşında

Düşmən ocaq başında.

Kim buraxar köləsin,

Atar yağlı tikəsin?!

Amandır, yalvarıram,

Sonda haraylayıram,

Biganə qalmaq olmaz,

Hamını çağırıram:

Meydana tez yetişin!

Şahmatdakı oyunun

Son gedişi qalıbdır.

Bir məni də eşidin!

***

Belə asan saymayın

Xalq qaldıran bayrağı,

Əli yalın saxlayıb

Bax bu qədər torpağı.

Min oyunla düşmənə

Damızdırıb dadını,

Qara rəngli sərvətin

Qoruyubdu adını.

Əsas şimal tərəflə

İşlədərək “dostluğu”,

Hər an ortaya çəkib

Əvəzsiz qonşuluğu.

 

 

 

 

 

 

 

 

 

Öz neftini bu millət

Gizli saxladı fəqət.

Neçə ildir dözmüşük,

Allah veribdi fürsət…

***

Mən oğul istəyirəm,

Vəziyyəti düzəltsin!

Heydər kimi oğullar,

İndi köməyə gəlsin!

***

Rəqabətsiz bilinən,

Rəqib kimi görünən,

Millət kimi öyünən

Azərbaycana gəlsin!

Sirli dünyanı görən,

Məntiqlə qala hörən,

Xalqına ümid verən,

Peşəkar olan gəlsin!

Güclü gedişlər bilən,

Acı baxışla gülən,

Rəqibləri tam silən

Bir Vətən oğlu gəlsin!

Çəksin söz qılıncını,

Sərkərdəlik eyləsin!

Yolundan azanları

Yaxşıca kötəkləsin!

 

 

 

 

 

 

 

 

Ön cəbhədə dayanıb,

Qərarlar xəlbirləsin!

Vətən tələb edərsə,

Lap döyüşə səsləsin!

***

Var daxili dərdimiz,

“Rüşvət” adlı müjdəmiz.

Bu paydan uzaqlaşın,

Baş tutsun niyyətimiz!

Halal təməl üstündə

Qurulsun dövlətimiz!

Təmin olsun həyatda

Azad gələcəyimiz!

***

Niyə çıxmayır səsin,

Haralarda qalmısan?!

Xalqın səni gözləyir,

Nə vaxtı qayıdırsan?!

İttifaq tam dağılır,

Vətənin dar anıdır!

Millət əlində çıraq,

Ümid yeri canıdır!

Nədir o Moskvada,

Oturmusan orada?

Bilirsənmi burada,

Başsız qalıb Bakı da?

 

 

 

 

 

 

 

 

Mişadan tez uzaqlaş,

Ondan bizə nə qardaş?!

Ruslar özü marş çalır,

Dağılır yavaş-yavaş.

Qul olmaq yetər artıq,

Çoxu zəncirlə qaçır!

Zənçirləri qırmağa

Hamı fürsət axtarır!

Gündə yeni xəbərlər,

Ölkədə çəkişmələr,

Ermənilər qalxıbdı,

Çətinləşib döngələr!

Rusun qəlbinə girən

Tülkü kimi baş qatır!

Namusun əldən verən

Qarabağa can atır!

Millət Sizi səsləyir,

Səsimizə səs verin!

Vətən Sizi gözləyir,

Azərbaycana gəlin!

Çürüyübdü qandallar,

Açılıbdı buxovlar!

Bu savaşda ölkənin

Azərbaycan xalqı var!

***

 

 

 

 

 

 

Azadlıq meydanında

Azadlıq aşiqləri

“Azadlıq” ver,”Azadlıq!”

Deyir bu kəlmələri…

***

Bir gün azad yaşamaq

Yüz illik ömrə dəyər!

Kölə kimi qul olsaq,

Min ömür hədər gedər!..

 

           V hissə

MÜQƏDDƏS AND

       YERİMİZ

 

Yanvar ayıdır, həmən

Qar ələyir dünəndən.

Neçə illər keçibdi

O dəhşətli gecədən…

Yenidən doğan səhər

Şəfəq saçırdı hərdən.

Baba donub qalmışdı,

Baxırdı pəncərədən.

Xatırlayaraq ötən

Qanlı gecəni dünən,

Elə bil yatmamışdı

Axşamdan səhərəcən.

Bayırda qar yağırdı,

Yağdıqca çoxalırdı.

Uşaqlar da sevinclə

Qartopu oynayırdı.

***

 

 

 

 

 

Hər il olduğu kimi,

Yanvar faciəsini

Yada salaraq baba,

Səslədi nəvəsini.

Asta tutub əlindən,

Dedi:-Oğlum, gəl gedək,

Uyuyan şəhidlərin

Biz də keçək önündən.

Bu gün”Qanlı Yanvar“ın

Anım mərasimidir.

Hamı ziyarət üçün

Oradan keçməlidir.

Hər il neçə min nəfər

Əlində qərənfillər

Yad eyləyir onları,

Orda uyuyanları.

***

“Qanlı Yanvar”zamanı

Axan şəhidlər qanı

Hər damla bir qərənfil-

Bürümüşdü hər yanı.

***

Bilirsənmi, ay oğul,

Elə həmin o gündən

Ad gününə aparmır

Kimsə pay qərənfildən.

 

 

 

 

 

 

Hər insan qərənfili

Bir damla qan sanırdı.

Hər məzarda qərənfil,

Bir də şəhid yatırdı.

***

Qərənfillər həmin gün

Yağış kimi yağırdı.

Bir vətəndaş bunları

Bax belə ağlayırdı:

Sol əlində qərənfil,

Sanki layla çalırdı.

Sağ əlində bir qələm,

Dizi üstə yazırdı:

***

Yağdın damla-damla,

sən yana-yana

Canlı buludlardan

al qərənfilim!

Düzüldün xalıtək

sən xiyabana-

Hər biri bir damla,

xal, qərənfilim!

 

Bir amal yolunda

gedənlərimə,

Əbədi yaşayan

ölənlərimə,

Bircə sən pay oldun

Şəhidlərimə!..

Nə ağ, nə də sarı,

al qərənfilim.

 

 

Çatışmır imkanın

çöldə bitəsən…

Özün bir nazənin

nazlı çiçəksən.

İndi ayaq altda

səpələnmisən-

Ellərin göz yaşı,

lal qərənfilim.

 

Sən ana əlində

gedirsən hara,

Rəngi al qırmızı,

ey bəxti qara?!

Ana sarıldığı

soyuq məzara

Sən ana laylası

çal, qərənfilim!

 

Bizləri harayla

Qələbələrə,

Pay oldun burada

əyilməzlərə.

Bəzədiyin yerə-

müqəddəs yerə

Boylanıb bir nəzər

sal, qərənfilim…

***

Gedək biz də gül alaq,

Ancaq al qərənfillər.

Orda yatan şəhidlər

Yalnız onu sevirlər.

***

 

 

 

 

 

Bir dəstə gül aldılar,

Şəhərə yollandılar.

İzdiham çox möhtəşəm,

Axışırdı adamlar.

Cərgədə məktəblilər,

Bir yanda tələbələr,

Əllərində qərənfil

Bütün ali məktəblər…

Əsgərlər, generallar,

Əksər ali qurumlar;

Ahıl nənə, babalar,

Neçə saysız qonaqlar.

Dövlətin rəhbərləri,

Ölkə səfirlikləri,

Qolunda çəlikləri,

Qarabağ əlilləri.

İnsanlar axışırdı

Sel kimi Xiyabana:

Son anda qarışırdı

Yaranan izdihama.

***

Baba-nəvə gəldilər,

Çatdılar Xiyabana.

Sıralandı cərgələr,

Düzüldülər yan-yana.

 

 

 

 

 

 

 

 

 

Dəstə-dəstə keçdilər,

Dualar söylədilər.

Hər məzara qərənfil

Qoyaraq baş əydilər.

Neçə-neçə cavanlar,

Üzü nurlu qocalar,

Hətta şagird Larisa

Yan-yana yatırdılar.

Qara daşda simalar,

Üstündə adları var.

Bir Şəhidin yatdığı

Şəkilsiz məzar da var.

Azadlıq istəyənlər,

Canın fəda edənlər

Qərənfildən pay alıb,

Uyuyurdu Şəhidlər.

***

Tam ziyarət etdilər,

Son məzara yetdilər.

Elə bil danışırdı

Daşlardakı şəkillər…

***

Abidəyə çatdılar,

Bir anlıq dayandılar.

Elə bu an Xəzərdə

Gəmilər fit çaldılar.

 

 

 

 

 

 

 

 

Yanan məşəl burada

Fasiləsiz yanırdı.

Məşəlin yanmağında

Hər şey xatırlanırdı.

***

Bu abidə rəmzidir

Şəhidlik sevənlərə.

Təsəlli məkanıdır

Şəhid yad edənlərə.

***

Bakıda bu Xiyaban

Xatırlanır hər zaman.

Bütün Bakı görsənir

Şəhidlərin yanından…

***

Rəhmətlik Ulu Öndər

Qonaqları gətirər,

Həm ziyarət edərdi,

Həm də sözün deyərdi.

Göstərərdi xalqının

Günahsız qurbanların.

Anladardı bir daha

Azadlığın yolların.

Səfirlər bu arada

Sırayla düzülərdi.

Hamı bir-bir Babaya

Baş sağlığı verərdi.

***

 

 

 

 

 

Bil ki, Heydər babanın

Tarixdə öz yeri var.

Onun haqq əməlləri

Qaldı bizə yadigar.

***

Qanı axıdılanlar,

Şəhid yatan bu dağın-

Özləri boyadılar

Azərbaycan bayrağın!

Bir tarix yaratdılar,

Yazdılar bu daşlara.

Azad bir yol açdılar

Yerində qalanlara.

***

Nəvə tutub babanın

Titrəyən əllərindən,

Bildirdi geniş danış

Qırğını tam əzəldən.

Bu sözləri eşidən

Baba sıxıldı həmən.

Danışmağa başladı

O dəhşətli gecədən.

***

Deyirlər ki, şəhidlik

Əl çatmayan zirvədir!

Torpaq -onun uğrunda

Ölən varsa, Vətəndir!

 

 

 

 

 

 

         VI hissə

 QANLI YANVAR

 

O gecə hamı gördü

Qanla dolu meydanı.

Orda olan insanlar

Unutmayır o anı.

O dəhşətli tankların,

Zirehli maşınların

Qarşısına çıxdılar,

Küçələrdə qalanlar.

Əli yalın insanlar,

Dalanlarda olanlar,

Əllərin qızdırmağa

Ocaq da yandırdılar.

Xalq etiraz edirdi,

Fikrini bildirirdi.

Xalqın azadlıq səsi

Rusa sərf eləmirdi.

Ruslar deyirdi, ancaq

Qırılsa da bütün xalq,

Bu torpaq yağlı tikə-

Azadlıq olmayacaq.

Neçə yüz min xüsusi

Qoşun da gətirdilər.

Hətta dəniz tərəfdən

Şəhərə yeritdilər.

 

 

 

 

 

 

 

 

 

Küçələri tutdular,

Yolları bağladılar.

Şəhəri hər tərəfdən

Tam dövrəyə aldılar.

Şəhər düşmən əliylə

Qərq oldu qaranlığa.

İnsanlar başladılar

Küçələrə axmağa.

Donduruldu mətbuat,

Səpələndi camaat.

Yaşandı küçələrdə

Təşviş dolu bir həyat.

Mətbəələr tutuldu,

Qəzet çapı dayandı.

Radio kanalları

Qara günə boyandı.

Studyanı tutdular,

Yayımı saxladılar.

Cəsuslar hiylə qurub

Bloku partlatdılar.

***

Azadlıq istəyənlər

Bir araya gəldilər.

“Azadlıq” radiosun

Ümid yeri seçdilər.

 

 

 

 

 

 

 

 

 

Çoxu ocaq başında,

Radio yanlarında,

Xəbər başlayan kimi

Cəm olurdu bir anda.

Əllərini qaldırıb

Əl-ələ tuturdular.

Sakit qulaq asaraq

Məlumat alırdılar.

Bəstəkarın nəğməsi,

Uverturanın səsi,

Koroğlunun nərəsi,

Haray səsiydi səsi!

***

Üzeyir bəy bu qədər

Bəsləyib gözəl əsər!

Mənim üçün o andan

“Koroğlu”dur şah əsər!

Sanki doğurdu günəş

Çalınanda bu əsər!

Bu səsdən yetişirdi

Vətən üçün Şəhidlər!

***

Mən canlı şahidiyəm

O müdhiş gecələrin.

Bu bir sınaq anıydı

Şəhidlik sevənlərin.

 

 

 

 

 

 

 

“Azadlıq” radiosu

Nə varsa şərh edirdi.

Mirzə Xəzər dünyaya

Tez-tez xəbər verirdi.

Heç kim inanmırdı ki,

Qoşun hücum edəcək.

Dövlət öz vətəndaşın

Avtomatla biçəcək.

***

Xalq geri çəkilmədi,

Getmədi heç bir yana. “Vətən!”,”torpaq!”deyərək

Qıydılar şirin cana.

***

Təpədən dırnağacan

Silahlanmış dəstələr

Silahsız insanları

Bir anda öldürdülər.

Qoca, cavan əzdilər,

Çoxunu gizlətdilər.

Qan içənlər cəsədin

Hamısın vermədilər!

***

Məktəbli -partasında,

Alim -arabasında,

Atəşlə susduruldu

Çoxu -öz komasında.

***

 

 

 

 

 

 

Ağ bayraq ucalsa da,

Məhəl qoyan olmadı!

Haray-həşir qopsa da,

Ruslar buna baxmadı!

Hamı qalmışdı darda,

Yardım maşınları da,

Yaralı daşınırdı

Güllələr yağışında.

Tanınmaz oldu şəhər-

Küçələrdə cəsədlər!

Hətta xəstəxanada

İşığı söndürdülər…

Planı əvvəlcədən

Hazırlamışdı düşmən.

Nəzarətə almışdı

Şəhəri hər tərəfdən.

Hərbiçi generallar

Məxfi plan cızdılar.

Şəhərin mərkəzində

Qərargah yaratdılar.

İstədikləri yerdə

Basqılar apardılar.

Şəhərin cəllad kimi

Ürəyini yardılar.

***

 

 

 

 

 

 

 

 

 

Allah, gör bu nə işdi,

Bu nə bəla, gəlişdi?!

Yetmiş il qardaş olan

Simasını dəyişdi!

***

Əmr verdi Qorbaçov,

Bakıya gəldi Yazov.

Hərbiləşdi vəziyyət,

Təhqir olundu millət.

Tapşırıqlar verildi,

Yeni plan seçildi,

Küçələrə zirehli

Texnika yeridildi.

Hər yanda qara xəbər,

Hər küçədə cəsədlər…

Millət donub qalmışdı,

Başsız qalmışdı şəhər.

***

Hamı kədər içində,

Al qərənfil əlində.

Meydana axışırdı

Bakının kəndləri də.

Ağır idi dərdimiz,

Yox idi rəhbərimiz.

Yükün altına girdi

Allahşükür -Şeyximiz.

 

 

 

 

 

 

 

 

İş nə yerdə olduğun

O, vaxtında anladı.

Fikrini bəyan edib,

Mövqeyini saxladı.

Şeyximiz Bakatini,

Yazovu da danladı.

O qədər danladı ki,

Deməyə söz qalmadı.

Dedi: “Yazığım gəlir,

Siz insan deyilsiniz!

O böyük siyasətin

Özünüz düşmənisiz!”

Böyük bir namə yazdı,

Göndərdi Qorbaçova:

“Bil ki, sən də İnşaallah,

Gedəcəksən torpağa.

Günahsız şəhid qanı

Bu millətin qanıdır!

Bu tarixi cinayət

Sənin ayağındadır!..

Bu namə, bir bəyanat,

Xalqımın cavabıdır!

Ey əli qanlı cəllad!

Bəs vicdanın hardadır?!

***

 

 

 

 

 

 

 

 

 

Məlumdur niyyətiniz,

Dünya bilir kimsiniz!

Tək bizə yox, çoxuna

Cəllad kəsilmisiniz!..”

***

Düşmən hey çalışırdı

Şeyxi də aldatmağa.

Ona imkan yaradıb

Çəkirdilər qabağa.

İslamçılıq sözünü

Ataraq ortalığa

İstədilər bu yolla

Həqiqəti danmağa…

Basqı, tutqu, həbslər-

At oynatdı düşmənlər.

Nə qədər işgəncələr-

Xalq dözdü sona qədər.

Çox çalışdı hiyləgər,

Nələr etmədi, nələr?

Yaralılar bir yana,

Bəs bu qədər Şəhidlər?!

-Şeyx rusun hiyləsini

Əvvəlcədən bilirdi.

Rədd edib təklifləri,

Çox sərt cavab verirdi.

 

 

 

 

 

 

 

 

 

Kəskin nifrət, qəzəblə

Şərt kəsdi düşmən ilə.

Dedilər: -Şərti söylə!

Dedi: -Budur məsələ:

Qan tökən sizinkidir!

Ölənlər bizimkidir!

Cinayət sizinkidir!

Şəhidlər bizimkidir!

Bilirsiz nə gündəyik?!

Biz matəm içindəyik!

Günahsız şəhidləri

Torpağa verməliyik!

Sizlə budur şərtimiz:

Ya çıxıb getməlisiz,

Ya da dediklərimə

Tam əməl etməlisiz!

Bir dənə də əsgərin

Bizə yaxın gəlməsin!

Qırx gün matəm olacaq,

Gözə də görünməsin!

***

-Elin din adamları,

Ziyalı insanları

Gəldi Şeyxin yanına,

Dayaq oldular ona.

 

 

 

 

 

 

 

 

 

Bu izdihamda nələr,

Göz yaşları nə qədər!

Milyonların əlində

Ancaq al qərənfillər.

Bu matəmin kədəri

Bürümüşdü şəhəri.

Yola salırdı hamı

Günahsız Şəhidləri.

Ağsaqqallar birlikdə

Dağüstü parka gəldi.

Hamı bir nəfər kimi

Bax, bu yeri bəyəndi.

Məzarlığa baxdılar,

Birgə qərarlaşdılar.

Hamı gəldi meydana,

Bir yerə yığışdılar.

Tabutlar gətirildi

Azadlıq meydanına.

Al qərənfil səpildi

Hər Şəhidin yoluna.

Düzüldü cənazələr

Bir-birinin yanına.

Dualar söylədilər

Şəhidlərin ruhuna.

 

 

 

 

 

 

 

 

 

 

Şeyx özü də ağladı,

Nitqi yarıda qaldı.

Göz yaşları içində

Fikrini tamamladı…

***

Qəlbi qana boyandı

Torpağın da, daşın da.

Şəhidlik bir zirvədir,

Fərqi yoxdur yaşın da!

***

Kimsə deyən olmadı,

Mənə dəymədi güllə.

Çünki hamı dayandı,

Üz-üzəydi ölümlə.

Tabutlar qaldırıldı,

Karvan yola salındı.

Birbaşa cənazələr

Bax, buraya daşındı.

Azadlıq meydanından

Dağüstü parka qədər.

Bir kimsə ayrılmadan

Gəldilər bura qədər…

***

Dəfn olundu Şəhidlər

Bu gördüyün zirvədə.

Şəhid yazan bu tarix

Unudulmaz heç vədə.

 

 

 

 

 

 

 

 

Şəhidlər basdırıldı,

Torpağa tapşırıldı.

Şəhidlər Xiyabanı

Burada yaradıldı.

***

Qanlı Yanvar zamanı 

Axan şəhidlər qanı

Azadlığa çıxardı

O qan Azərbaycanı!..

***

Epiloq

Neçə nəğmə yarandı

Anaların dilində,

Heykəllər sıralandı

Heykəltəraş əlində!

Çox şairlər yazdılar,

Əsərlər yaratdılar,

Hətta əsərlərinə

Göz yaşı da qatdılar!

O vaxtdan qərənfilə

“Şəhid” adı verdilər.

Elə becərdilər ki,

Yanvar ayı dərdilər.

İlin yanvar ayında,

Fərqli naxış sayında

Gül xalçalar toxundu,

Hər Şəhidin yanında.

 

 

 

 

 

 

 

Qərənfildən ilmələr,

Hər ilmədə bax nələr…

Bu qədər al qərənfil

Hər yanı bəzədilər.

İlk dəfə şəkil çəkən

Ən balaca körpələr

Albomunu açarkən

Al qərənfil çəkdilər.

***

Ey Şəhidim, yenə sən

Bu gün ürəklərdəsən!

Ötsə zaman, min illər,

Hər vədə bizimləsən!

Gah ölkə oldu al-qan,

Bölünərkən üzüldün!

Bəzən adın oldu can,

Xiyabana düzüldün!

***

Torpağın oldu al-qan,

Artdı məzar daşların!

Sanki azad oldu can,

Axdı sevinc yaşların!

 

Ey canlı Azərbaycan!

Ey şanlı Azərbaycan!..

 

Son…

 

 

 

 

 

 

Müəllifdən:

Ey oxucum yəqin et,

Tarixi sən yazmısan.

Tarixin zor kökündə

Oyunu yazmamısan.

Müstəqil bu gedişdə

Xalq şahidi olmusan.

Yalan yoxdu bu işdə

Bəlkə əl də atmısan.

Əsər rəngli tablodur,

Rəngləri tam qarışıq.

Bu:-Azadlıq yoludur,

Sonu da bir nur, işıq.

Günahkarla, sərsəmi

Zaman islah edəcək.

Tək-tək mücahidlərı

Gənnət özü seçəcək.

Hələ ki, məlum deyil,

Zurnanı kim çalacaq.

Ən mükəmməl əsəri

Zaman özü yazacaq.

***

Deyimlərdə siz bunu

Hər an yaşadarsınız.

Mən canlı şahidiyəm,

Yazdım, oxuyasınız!..

* * *                 * * *

ƏDALƏT BƏDİRXANLI

 

 

 

 

 

 

Proloq: (1-2) səhifə

I hissə:    11.02.1974. Azadlıq harayı (2-6) səh.
II hissə:  19.04.1974. Ana fəryadı (6-14) səh.
III hissə: 30.11.1989. Azadlığın carçısı (15-18) səh.
İV hissə: 17.11.1993. Parcalanmış Vətən (18-40) səh.
V hissə:   09.01.2012. Müqəddəs and yerimiz (40-47) səh.
VI hissə: 10.07.2019. Qanlı yanvar (48-59) səh.

Epiloq: (59-60) səh.
Müəllifdən: (61) səh.

“Azadlığa gedən yol” poeması13.01.2015 – 13.01.2016-cı il müddətində DUNYAXEBER.COM
saytında yerləşdirilən bu əsər 365-gün ərzində 30 min 500-dən artıq baxış sayını keçmişdir. Müəllif olaraq əsərə görə 07.01.2016- cı il tarixində AzKİVİHİ-nın qərarı ilə “QIZIL QƏLƏM” media mükafatı laureatı DİPLOMU ilə təltif edilmişəm.
     “Al qərənfilim” şeiri 28.01.1990-cı ildə yazılmışdır. Bu şeir 15.01.1991-ci ildə ilk olaraq “Elektron” qəzetində çap olunmaqla Şəhidlərimizin il dönümü ərəfəsində xiyabanda ziyarətçilərə paylanmışdır. Növbəti dəfə “Al qərənfilim” şeiri 18.01.2018-ci ilə İctimai Padionun “Həm söhbət” verlişində mənimlə bərabər aparıcı şair-publisist Kamil Məhərrəmli tərəfindən səsləndirilmişdir.
“Azadlığa gedən yol” poeması 45-illik bir ömrün məhsulu olmaqla bir neçə qəzet jurnal və almanaxlarda şap olunmuşdur.
Şəhadətnamə N-9675.

 

 

 

 

 

 

 

 

                

 

                                    

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru