MİK

MƏN ŞAİR DEYİLƏM

Bu xalq yeddi yerdәn zavala gәldi,
Bu xalqın danışan dili olmadım.
Bu xalqın başına min bәla gәldi,
Mәn ki, dözüb durdum, dәli olmadım,-
Mәn şair deyilәm, atam-qardaşım.

Nә günә qoydular torpağı, daşı,
Mәliyi düşmәndi Beyrәklәrinә.
Neçәki, verilib bu xalqın başı
Bu xalqın ağıldan seyrәklәrinә,
Mәn şair deyilәm, atam-qardaşım.

Yazdığım nә varsa bibәrdi, qorxma,
Ölümdü ömrümün sonundakı qәm.
O gülü, bülbülü gözümә soxma
Mәn güldәn, bülbüldәn yaza bilmirәm,-
Mәn şair deyilәm, atam-qardaşım.

Qardaşın evindә qardaş qәribdir,
Sözümdәn güc almaz yetim-yesirlәr.
Görünür, Allah da üz döndәribdir,
Haçandı açılmır üzümә sirlәr,-
Mәn şair deyilәm, atam-qardaşım.

Dilimdәn çıxanlar tәzә-tәr deyil,
Kim aşiq olası qara qaşıma?!
Hәr adı Mәhәmmәd-peyğәmbәr deyil,
Adıma aldanıb dönmә başıma,
Dönmә, pir deyilәm, atam-qardaşım,
Mәn şair deyilәm, atam-qardaşım.

Vәtәn tikә-tikә, parça-parçasa,
Ömür deyilәnin sonu borcasa.
Yuxuya gedibsә içimdә qiyam,
Dәrәnin axmağı, çölün dәlisi,
Elin iflәmәsi vә nәsi, nәsi,
Bir dә lap inciyim, nә desәn, oyam, –
Mәn şair deyilәm, atam-qardaşım

Әllәrim lazımsa, apar әlimi,
Gözlәrim lazımsa, çıxar gözümü.
Ağlında bir kәlmә sözüm qalıbsa,
Sәn Allah özümә qaytar sözümü,-
Mәn şair deyilәm, atam-qardaşım.

Bircә nәfәsindәn gәlәn baharın,
O ağac dil açdı, bu daş gül açdı.
Gör nәcә dikәlib içindәn qarın
Şair bu ağacdı, şair bu daşdı,-
Mәn şair deyilәm, atam-qardaşım.

Halından çıxarıb insanı hәdә,
Boş qalan yurdlarda ulaşır itlәr.
Şair Qarabağda, şair Göyçәdә,
Canını el üçün verәn şәhidlәr,-
Mәn şair deyilәm, atam-qardaşım.

İlğımdı sabahdan әl edәn şöhrәt,
Şöhrәtin dalbadal çıxan kitabsa,
Susmağı öyrәdәn, dinmәyi öyrәt,
Goy deyim, şairlik düz etirafsa,-
Mәn şair deyilәm, atam-qardaşım

Kim açıb, açılan bu nә bazardı,
Kim qaldı, kim aldı, satdı, nә bilim?
Hamının canına düşәn azardı,
Addı, mükafatdı,zaddı, nә bilim?
Mәn şair deyilәm, atam-qardaşım.

Qısmәtim ilahi nurdan demәdi,
Nәfsim qayğıların tәlәb meydanı.
El mәni özünә qurban demәdi,
Yolumu gözlәmәz Hәlәb meydanı,-
Mәn şair deyilәm, atam-qardaşım.

Ucuz qayğılara qarışdı başım,
Kәmfürsәt baxtımın qulağı karmı?
Mәn şair deyilәm, atam-qardaşım,
Öyrәn gör bu günün şairi varmı?

SƏN KİMİ SEÇİRSƏN

Nә oldu: yaxşını pisdәn seçmәdin?!
Nә oldu: qızılı misdәn seçmәdin?!
Nә oldu: әyrini düzdәn seçmәdin?!
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!

Var olan varımı, yoxumu seçәr?!
Kor olan azımı, çoxumu seçәr?!
Әkinçi damızlıq toxumu seçәr,-
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!

Әkәn әkinçidir, biçәn Allahdı.
Dar gündә qәlbindәn keçәn Allahdı.
Seçilәn bәndәdir, seçәn Allahdı,-
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!

Tale qısmәtimiz belәdi yoxsa?
Әslimiz, kökümüz kölәdi yoxsa?
Bu da bir növbәti tәlәdi yıxsa?
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!

Hәr әldә әylәnmәz dövlәt, var belә,
Uca zirvә seçәr yağan qar belә.
Nәdir, nә xәbәrdir tez-bazar belә,-
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!

Bu necә dumandı, göz gözü seçmir?
Bu necә zamandı, düz sözü keçmir?
Yoxsa, seçdiyini xalq özü seçmir,-
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!

BU MƏN

Mәn hәr şeyi atıb gedәrәm.
Uduzub gedәrәm, udub gedәrәm.
Әlimi üzümә tutub gedәrәm,-
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!

Nә oldu: yaxşını pistәn seçmәdin?
Nә oldu: әyrini düzdәn seçmәdin?
Nә oldu: qızılı misdәn seçmәdin?
Seçtin seçdiyini bizdәn seçmәdin,-
Sәn kimi seçirsәn, sәn kimi, xalqım?!

BU MİLLƏT

Hәrrac bazarında udur, uduzur,
Haçandan canına hopub bu qüsur?
Elinin üstündә ölüm qorxusu,
Evinin üstündә әsir bu millәt.

Hәrdәnbir sazını çalıb, yaşadır.
Mәğlub tarixini qalib yaşadır.
Ona nә ad versәn alıb yaşadır:-
―Şair bu millәtdir, ―nasir bu millәt.

Bu günә gәlmәzdi, tale gәtirir.
Qәlbindәn keçәni dilә gәtirir.
Özü öz başına bәla gәtirir,
Sonra da özündәn küsür bu millәt.

Qını qılıncsızdır, üzüyü qaşsız.
Yüz ildi bostanı keçinmir daşsız.
Aşçısı aşsızdır, başçısı başsız
İtirib özünü gәzir bu millәt.

Qumara qoyulub torpağı, daşı.
Sabaha ümidi-gözünün yaşı.
Şeytan ilgәyinә ilişib başı
Özü öz әlindә әsir bu millәt.

Hәlә arzuları toz içindәdir
Hәlә demәdiyi söz içindәdir.
Bilmir çıxış yolu öz içindәdir
Özgә ümidinә yesir bu millәt.

Әmәli әmәlim, adı adımdır
Çәtindә barıtı bircә atımdır.
Belәcә ―ver yeyim , gözlә yatımdır,
Belәcә ―hazıra nazir bu millәt.

Gecәsi hansıdır, bu günü günsә?
Dinlisi dinsizdir-ümidi dinsә.
Üstünә әlәnәn bu daş sәninsә
İlahi, bәs necә dözür bu millәt.

Dildә gah ―bәlidir, gah ―baş üstәdir,
Könüldә haqdan da daş-baş istәdi.
Hәlә bir daş altda, bir daş üstәdir,
Üz-üzә dayanıb bu sirr, bu millәt..

 

GÜNAH

Şeytan әmәli var sәndә, ya mәndә,
Qәdim sahibiyik hansı günahın.
Bizә yurd verәndә, yuva seçәndә
Qalıb arxasınca gözü Allahın.

İnamı atüstü, ümidi kövrәk,
Nә verib, bir azca yarımçıq verib.
Keçәlin saçı tәk sevinci seyrәk,
Tәpәlin qaşı tәk qәmı sıx verib.

Dünyaya gәlәli qovğalı baş da,
Başının altına balınc da verib.
Bir köynәk aralı ögey qardaş da,
Qardaşın әlinә qılınç da verib.

Verib yer üzünә xәstә gәlmәyi,
Bir az asta qədәm, bir az utancaq.
Haçandı unudub üstә gәlmәyi,
Bölmәyi, çıxmağı bacarır ancaq.

Min ildi açılmır eynimız nәdәn,
Daha bölünmәkdәn gәlmişik cana.
Tәrs kimi adın da bölünür,Vәtәn,
Bölünür Azәrә, bir dә Baycana.

Çoxu yelçәkәnә oxşadıb sәni,
Şimaldan Cәnuba çoxu taptadı.
Ayırıb Tәbrizi, bölüb Göycәni,
İndi dә Qarabağ haqq-hәsabdadır.

Başını aldadıb elin, obanın,
Qәdim kәdәrinә üz çәkirik biz.
Uzaq әsirlәrdәn hansı babanın
Qalan cәzasıdır, biz çәkirik, biz.

Bir günah işlәyib hәr gәlәn nadan,
El-oba boğulur içindә yasın.
Allah da boylanıb baxır ucadan,
Baxır, bağışlasın, bağışlamasın.

Amma bağışlamır suçu heç kimә,
Aradan nә qәdәr fasilә keçir.
Günah yuyulmursa yaşayır demә,
Yaşayıb nәsildәn nәsilә keçir.

Nә edәk, bir elin günahı varsa,
Ya bizi yox elә, ya bizә gün ver.
Allah, o günahı qurban yuyarsa,
Qurbanın mәn olum, mәnә ölüm ver.

(Məmməd İsmayıl, “Yoxun varlığı” (seçmə şeirlər), Bakı ,2012, səh, 348)

Müəllif: Məmməd İsmayıl

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru